QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zəhərli yabanı göbələklərin istehlakının ağır zəhərlənməyə, hətta ölümə səbəb ola biləcəyi barədə vətəndaşlara xəbərdarlıq edib.
Agentliyin məlumatına görə, zəhərlənmələrə, əsasən, təbii toksinlər daşıyan yabanı göbələklərin qida kimi istifadə olunması səbəb olur. Zəhərli növlərin yeməli göbələklərlə səhv salınması, həmçinin yığım, saxlama və hazırlanma zamanı təhlükəsizlik tələblərinə riayət edilməməsi risk yaradır.
AQTA bildirir ki, bəzi zəhərli göbələklər görünüşcə yeməli növlərdən seçilmir. Buna görə də göbələyin təhlükəsizliyini yalnız rənginə, formasına və qoxusuna görə müəyyən etmək mümkün deyil.
Zəhərlənmə halları daha çox yaz və payız mövsümlərində qeydə alınır. Nəticələrin ağırlığı göbələyin növü və tərkibindəki toksinlərlə bağlıdır. Bu hallar qaraciyər və böyrəklərə zərər verə, sinir sisteminin fəaliyyətini poza, mədə-bağırsaq problemləri yarada bilər; ağır hallarda ölüm də mümkündür.
Agentlik mənşəyi və növü bəlli olmayan yabanı göbələkləri toplamamağı və yeməməyi tövsiyə edir. Göbələklərin küçə ticarətindən və səyyar satış məntəqələrindən alınmaması, mənşəyi məlum olan daimi satış obyektlərinə üstünlük verilməsi məsləhət görülür.