QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının təxminən 75-80 faizi paytaxt Bakıda cəmlənib. Bu vəziyyət paytaxtla digər şəhər və rayonlar arasında əməkhaqqı və məşğulluq imkanları fərqini artıran amillərdəndir.

Kərimli biznes fəaliyyətinin əsasən Bakıda qurulmasını infrastrukturun, o cümlədən biznes üçün zəruri imkanların daha yaxşı inkişaf etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, paytaxtın böyük bazarı da sahibkarlar üçün əhəmiyyətlidir. Rəsmi statistikada Bakının əhalisi 2,2 milyon göstərilir. Tələbələr, bölgələrdən işləməyə gələnlər və qeyri-rəsmi yaşayanlar nəzərə alındıqda bu sayın 3 milyonu keçdiyi bildirilir. Ölkənin digər ərazilərində belə böyük əhali toplanmadığından, paytaxt istehsalçılara məhsul satışı üçün daha geniş imkan verir.

İqtisadçı qeyd edib ki, sahibkarlar müştərilərə yaxın olmağa üstünlük verirlər. Zərdabda biznes qurmağın üstünlüklərinin məhdud olduğunu deyən Kərimli, rayonda əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməyin mümkünlüyünü vurğulayıb. Bununla belə, istehsalçının məhsulunu satmaq üçün Bakıda ofis açmağa ehtiyac yarana bilər.

Kərimlinin fikrincə, Bakıda əmək bazarının daha inkişaf etmiş olması və qeyri-neft sektorunun nisbətən geniş fəaliyyəti iş yerlərinin əsasən paytaxtda və Abşeron yarımadasında yaranmasına səbəb olur. Bu ərazilərdə əməkhaqqı da nisbətən yüksəkdir.

Eyni zamanda, paytaxtda yaşayış xərcləri bölgələrdən fərqlənir. İqtisadçı ərzaq, gündəlik tələbat malları, ictimai nəqliyyat və digər zəruri xidmətlərin Bakıda daha baha olduğunu, kirayə qiymətlərinin də rayonlarla müqayisədə xeyli yüksək olduğunu bildirib. Buna görə də yüksək əməkhaqqı paytaxtda daha böyük yaşayış xərcləri ilə müşayiət olunur.