QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda satışa çıxarılan klassik avtomobillərin qiyməti 100 min manatı ötür. Ən yüksək məbləğ Sumqayıtda təklif edilən 1938-ci il istehsalı “Mercedes 170 V” modelinə aiddir. 2,4 litrlik mühərriki və 82 min kilometr yürüşü olan avtomobil 760 min manata satılır.
Qiymət siyahısında ikinci yerdə Bakıdakı 1959-cu il istehsalı “Cadillac DeVille” qərarlaşıb. 6,4 litrlik mühərrikli avtomobilin yürüşü cəmi 120 kilometrdir və qiyməti 395 min manat müəyyən edilib.
Bakıda 1963-cü il istehsalı, 2 000 kilometr yürüşü olan “Ford Galaxie” 250 min manata təklif olunur. 1969-cu il buraxılışlı “Ford Mustang”ın yürüşü 4 555 kilometrdir; salon avtomobili 187 min manata satışa çıxarıb.
Digər elanlarda Gəncədəki 1970-ci il istehsalı GAZ 13 “Chayka” 160 min manat, Bakıda satılan 1975-ci il buraxılışlı BMW 2002 isə 144 min 500 manat qiymətləndirilir. 1937-ci il istehsalı GAZ M-1 üçün 100 min manat tələb olunur.
Bu avtomobillərin baha qiymətləndirilməsi nadirliyi, orijinal detallarının qorunması və uzunmüddətli investisiya kimi görülməsi ilə əlaqələndirilir.