QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Fransa lehinə casusluqda ittiham olunan Martin Ryanla eyni iş üzrə həbs edilmiş Azad Məmmədli kassasiya şikayətini geri götürüb. Ali Məhkəmə onun müraciətini qəbul edib.
Hakim Nazim Mövsümovun rəhbərlik etdiyi məhkəmə iclasında Məmmədlinin şikayətindən imtina etmək üçün ərizə verdiyi açıqlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Azad Məmmədliyə 12 il həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü dəyişmədən saxlayıb.
Eyni işdə təqsirləndirilən Martin Ryan Azərbaycan Prezidentinin 23 sentyabr tarixli sərəncamı ilə əfv olunub.
İstintaqın irəli sürdüyü ittihama əsasən, Ryan Fransa xüsusi xidmət orqanlarından Azərbaycan istehsalı olan silah və sursat, 2020-ci il Vətən müharibəsində ordunun komplektləşdirilməsi, hərbi xidmətdə olan və ehtiyata buraxılan şəxslər barədə məlumat toplamaq tapşırıqları alıb. Tapşırıqların əhatə etdiyi digər mövzular sırasına xaricdə fransız dilində təhsil alanlar, Azərbaycanda çalışan xarici vətəndaşlar və şirkətlər, pul vəsaitlərinin Azərbaycan üzərindən başqa ölkələrə gizli köçürülməsi, Azərbaycanın xarici dövlətlərlə münasibətləri və hərbi əməkdaşlıq planları, eləcə də ölkəyə gətirilən silah-sursat daxil olub. Bu istiqamətlərdə fəaliyyət göstərdiyinə dair əsaslı şübhələrin müəyyən edildiyi bildirilib.
İttihamda Martin Ryanın Azad Məmmədlini Bakıda Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə tanış etdiyi, ona görüləcək işlərin müqabilində xarici vətəndaşlıq təklif etdiyi qeyd olunub.
Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də saxlanılıb. “Merkorama” MMC-nin baş direktoru Martin Ryana casusluq, Azərbaycan vətəndaşı Azad Məmmədliyə isə dövlətə xəyanət ittihamı verilib. İttihama görə, Ryanı məxfi əməkdaşlığa cəlb edən və sonradan Bakıdan persona non-grata elan edilərək çıxarılan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları ondan agent-casus kimi istifadə ediblər.