QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azər-Türk Bank ASC-nin İdarə Heyəti Bakıda təşkil olunan X Beynəlxalq Bankçılıq Forumuna qatılıb. Bank tədbirdə rəsmi tərəfdaş qismində iştirak edib.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzulu forumda regionun maliyyə qurumları, tənzimləyici orqanların təmsilçiləri, eləcə də yerli və xarici ekspertlər bir araya gəlib. Maliyyə sektorunda yeniliklərə həsr olunan sərgidə bank öz stendi ilə təmsil olunub.

Stendə gələnlərə korporativ və pərakəndə bankçılıq üzrə xidmətlər, məhsullar və maliyyə həlləri barədə məlumat verilib. Korporativ müştərilər üçün biznesin maliyyələşdirilməsi və ticarət əməliyyatlarına dəstək məqsədilə təqdim olunan bank qarantiyaları, akkreditivlər və faktorinq məhsulları tanıdılıb.

Bank 2,5 milyon manatadək qarantiyanın girovsuz və bir gün ərzində rəsmiləşdirilə bildiyini, akkreditivlərin isə daxili və beynəlxalq ticarətdə ödəniş risklərini azaltmağa kömək etdiyini diqqətə çatdırıb.

Təqdim edilən digər həll təchizat zəncirinin 100 faizədək maliyyələşdirilməsini əhatə edir. Məhsul yerli və xarici təchizatçılara faktura məbləğinin tam həcmində, girov qoymadan və ödəniş müddətini gözləmədən üç gün ərzində maliyyə əldə etmək imkanı yaradır. Bu xidmətlər biznesin dövriyyə kapitalı ehtiyacını qarşılamağa, likvidliyi qorumağa və ticarət əməliyyatlarını etibarlı aparmağa yönəlib.

Pərakəndə bankçılıq sahəsində bankın yeni məhsul və xidmətləri, həmçinin təkmilləşdirilmiş atb360 mobil tətbiqi nümayiş etdirilib. Tətbiqin Ailə bankçılığı konsepsiyası, ailə kartı və digər yenilikləri xüsusi diqqət çəkib. Ailə bankçılığı məhsulu bir ailənin üzvlərinə maliyyə vəsaitlərini, xərclərini və yığımlarını vahid platforma və ya ortaq hesablar vasitəsilə idarə etməyə şərait yaradır.

Stenddəki lazer qravür avadanlığı ilə iştirakçılar bankın təqdim etdiyi kartları öz seçimlərinə uyğun fərdiləşdirə biliblər. Təşəbbüs fərdi müştəri təcrübəsi yaratmaqla yanaşı, bankın fərdi yanaşma prinsipini də nümayiş etdirib.

Forum Azərbaycan Banklar Assosiasiyasının və Mastercard-ın əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilib.