QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri yorğun və yuxusuz vəziyyətdə sükan arxasına keçməməyə çağırıb.
İdarənin açıqlamasında bildirilib ki, demək olar hər gün qeydə alınan toqquşma, aşma və maneəyə çırpılma hadisələrinin təhlili yorğun, yuxusuz, hətta ciddi səhhət problemi olan halda avtomobil idarə edənlərin sayının az olmadığını göstərir.
BDYPİ-nin məlumatına əsasən, iş və istirahət rejiminə riayət etməyən, uzun müddət fasiləsiz avtomobil sürdükdən sonra, xüsusən gecə və ya görmə məhdudlaşan şəraitdə yenidən yola çıxan sürücü təhlükə yaradır.
İdarə bu halların daha çox sərnişin və yükdaşıma ilə məşğul olan sürücülərdə müşahidə edildiyini vurğulayıb. Bunun ağır, bəzən isə geri qaytarılması mümkün olmayan itkilərə və arzuolunmaz nəticələrə səbəb olduğu qeyd edilib.
BDYPİ sürücülərə yuxusuz və əldən düşmüş halda sükan arxasına keçməməyi, əhvalı və səhhəti səfərə imkan vermədikdə yola çıxmamağı tövsiyə edib. Uzaq məsafələrdə fasilə vermək, avtomobili təhlükəsiz yerdə saxlayaraq qısa müddət də olsa dincəlmək vacib sayılıb.
İdarə xəbərdarlıq edib ki, sükan arxasında yuxulamaq sürücünün bir daha oyanmaması riski yaradır.