QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycana 13 milyon 30 min 970 dollar dəyərində 26 min 391,3 ton plastik tullantısı, qırıntısı və skrap idxal olunub.

Məhsullar yeddi ölkədən gətirilib. Ən böyük tədarükçü İran olub: bu ölkədən 9 milyon 851 min 630 dollar dəyərində 16 288,57 ton məhsul alınıb. İran idxalın dəyərinin 75,6 faizini təmin edib.

Rusiyadan isə 2 milyon 882 min 560 dollarlıq 9 517,89 ton plastik tullantısı və qırıntısı gətirilib. Bu ölkənin ümumi idxal dəyərindəki payı 22,1 faiz təşkil edib. Beləliklə, İran və Rusiyanın birlikdə payı 97,7 faizə çatıb. Qalan tədarükçülər Gürcüstan, Səudiyyə Ərəbistanı, Belarus, Türkiyə və İraqdır.

Məhsul çeşidləri arasında ən böyük göstərici etilen polimerlərinin tullantıları və qırıntılarında qeydə alınıb. Bu məhsuldan 8 milyon 290 min 260 dollar dəyərində, 12 996,23 ton idxal edilib. Digər plastik kütlə tullantıları və qırıntıları üzrə idxalın dəyəri 4 milyon 214 min 210 dollar, vinilxlorid polimerləri üzrə isə 526 min 500 dollar olub.

Hesabat dövründə Azərbaycandan Türkiyə və Çinə 149 min 680 dollar dəyərində, ümumilikdə 292,05 ton belə məhsul ixrac edilib.