QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü və şəhərin işğaldan azad edilməsinin altıncı ildönümü münasibətilə Anar Quliyev videoçarx yayımlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri paylaşdığı görüntülərdə bərpa işlərini, sakinlərin doğma yurda dönüşünü və yeni infrastrukturun qurulmasını əks etdirib.
Kəlbəcərin inkişafı ərazinin dağlıq quruluşu və sakinlərin tələbatı nəzərə alınaraq hazırlanmış, 2040-cı ilədək nəzərdə tutulan Baş plan əsasında aparılır. Plana görə, şəhərin sahəsi 130 hektardan təqribən 290 hektara yüksələcək, əhali sayının isə 7 500-dən 17 minə çatacağı gözlənilir. Ümumilikdə 488 min kvadratmetr yaşayış sahəsi və 4 250 mənzilin yaradılması planlaşdırılıb.
Şəhərdə ilk yaşayış kompleksi artıq inşa olunub və istifadəyə verilib. Yeni məhəllələrin, eləcə də sosial təyinatlı obyektlərin tikintisi davam edir. 524 ailə üçün salınan yaşayış massivində çoxmənzilli binalar və taunhauslar, istirahət zonaları, uşaq meydançaları və idman sahələri yaradılır. Yaxınlıqda tikilən təhsil kompleksi məktəbə piyada çatmağı mümkün edəcək. Hazırda Kəlbəcər şəhərinə 162 ailədən ibarət 681 nəfər köçüb.
Quruculuq rayonun kəndlərində də aparılır. Dəniz səviyyəsindən təxminən 2 400 metr yüksəklikdə yerləşən Zar kəndində relyefə uyğun evlər tikilir, sosial obyektlər və mühəndis-kommunikasiya xətləri qurulur.
İnkişaf planlarında təbiətin və tarixi-memarlıq nümunələrinin mühafizəsinə də yer ayrılıb. Bölgənin önəmli abidələrindən sayılan qədim Xudavəng monastır kompleksi Kəlbəcərin uzun tarixini və mədəni irsini təmsil edir.
Baş plana əsasən, yaşıllıqlar şəhərin 22 faizini — təqribən 60 hektarını əhatə edəcək. Beləliklə, hər sakinə 33 kvadratmetr yaşıllıq sahəsi düşəcək. Şəhər parkının salınması üçün də iş görülür. Ekoloji nəqliyyatın təşviqi çərçivəsində 27 kilometrdən çox avtomobil yolu ilə yanaşı, 22 kilometrlik velosiped yollarının yaradılması nəzərdə tutulub. Velosiped marşrutları avtomobil yollarının ümumi uzunluğunun təxminən 80 faizinə bərabər olacaq.
Rayonda yol və enerji şəbəkələrinin qurulması da davam edir. Avtomobil yolları və tunellər yüksək dağlıq ərazilərdəki yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşdırır. İstismara verilən 11 su elektrik stansiyası bərpaolunan enerji istehsalını artırır və Qarabağla Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi hədəfinə dəstək verir.
İnfrastrukturla yanaşı, iqtisadi fəaliyyətin bərpası istiqamətində də layihələr həyata keçirilir. Təxminən 30 illik fasilədən sonra “İstisu” mineral su zavodu yenidən işləməyə başlayıb; müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır və burada 100-ə yaxın iş yeri açılıb. Arıçılıq və bal istehsalı kimi ənənəvi sahələr genişləndirilir. Mehmanxana və turizm obyektlərinin tikintisi, dağ və sağlamlıq turizminə şərait yaradılması da nəzərdə tutulan işlər sırasındadır. Layihələrin investisiyalara, kiçik biznesə və yerli məşğulluğa imkan yaratması gözlənilir.
Videoçarxda Kəlbəcərin inkişafına kompleks yanaşma, müasir şəhərsalma, təbii və tarixi irsin qorunması, iqtisadi və infrastruktur layihələri təqdim olunur. Görülən işlərin məqsədi geri qayıdan sakinlər üçün yaşayış, iş və istirahət imkanları olan müasir şəhər mühiti yaratmaqdır.