QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev ixrac hesablaşmalarının tənzimlənməsi üçün əlavə tədbirlər və idxal-ixrac əməliyyatlarına dair qaydalarda dəyişiklik barədə fərman imzalayıb. Dəyişikliklər 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanla təsdiqlənən qaydalara aiddir.

Sənəd ixrac əməliyyatları üzrə hesablaşma qaydalarının təkmilləşdirilməsini və onlara nəzarət prosedurlarının optimallaşdırılmasını nəzərdə tutur.

Nazirlər Kabinetinə ixrac edilən mallar üçün əldə olunan vəsaitin ixracatçıların Azərbaycandakı müvəkkil bank hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Təkliflər fərmanın üçüncü hissəsindəki qaydaların qüvvəyə mindiyi tarixdən etibarən doqquz ay ərzində Prezidentə təqdim edilməli, sənəddən irəli gələn digər məsələlər də həll olunmalıdır.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xaricə mal ixracı üzrə hesablaşma qaydalarına dair təklifləri iki ay ərzində hazırlayıb Mərkəzi Banka təqdim etməlidir.

Qaydalardakı 12.1-ci bənd yeni redaksiyada təsdiqlənib. Həmin müddəaya əsasən, şəxslərin xarici ölkələrə mal ixracı ilə əlaqədar hesablaşmaları “Valyuta tənzimi haqqında” qanuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun aparılacaq.

Konsiqnasiya yolu ilə ixrac edilən mallar, işlər və xidmətlərə görə vəsaitin bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bank hesabına köçürülməsini tələb edən 12.2-ci bənd qüvvədən düşüb.

Yenilənmiş 12.3-cü bəndə görə, ixrac edilən malların əvəzinə əldə olunan vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə Dövlət Gömrük Komitəsi nəzarət edəcək. Komitə ixracatçıların gömrük bəyannamələri, müqavilələri və mallarla bağlı digər məlumatların “İntellektual gömrük” informasiya sistemi (İGİS) vasitəsilə müvəkkil banklara çatdırılmasını təmin etməlidir.

12.4-cü bəndə əsasən, müvəkkil banklar ixrac mallarına görə daxil olan vəsait, eləcə də onun vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində İGİS vasitəsilə Dövlət Gömrük Komitəsinə ötürəcəklər.

Bununla yanaşı, ixracatçının hesabına vəsaitin müəyyən olunmuş müddətdə köçürülmədiyi barədə məlumatı Mərkəzi Bankın Dövlət Gömrük Komitəsinə iki iş günü ərzində göndərməsini nəzərdə tutan 12.5-ci bənd, habelə iki qurumun idxal-ixrac əməliyyatları üzrə əməkdaşlığına dair 12.6-cı bənd ləğv edilib.