QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 18-də Bakıda Azərbaycan və Avstriyanın xarici siyasət qurumları arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstriya tərəfinə isə Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyin baş direktoru Hanna Liko rəhbərlik edib.

Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırkı durumu və gələcək inkişaf imkanları, eləcə də nəzərdə tutulan tədbirlər müzakirə olunub. Regional və beynəlxalq gündəmdəki məsələlər də nəzərdən keçirilib.

Tərəflər siyasi dialoqun daha da inkişafı üçün qarşılıqlı rəsmi səfərlərin, müntəzəm təmasların və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

İqtisadi əlaqələrin genişləndirilməsi baxımından prioritet sahələr ətrafında fikir mübadiləsi aparılıb. Mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına da diqqət çəkilib.

Məsləhətləşmələrdə regiondakı vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat verilib.

Beynəlxalq gündəmin aktual mövzuları, çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.