QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın öldürülməsi ilə bağlı ilkin məlumatlarda hadisənin sosial şəbəkədəki fotolar üstündə yaranan mübahisədən qaynaqlandığı bildirilir.

Gülarə üç yaşında olarkən anası ailəni tərk edərək onu atasının himayəsində qoyub. Atası Ağa Mehdiyev 2007-ci ildə yenidən evlənib. Bu nikahdan dörd övladı olub; onların arasında 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev də var.

Məlumata görə, Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və ailənin beş uşağını böyüdüb.

Hadisə noyabrın 16-da günorta Binəqədi rayonunun 9-cu mikrorayonunda, Həmzə Babaşov küçəsi 11A ünvanındakı mənzildə qeydə alınıb. Həmin vaxt valideynlər evdə olmayıb, uşaqlar isə mənzildə olublar.

İlkin versiyaya əsasən, Ayxan dərsdən qayıdanda sosial şəbəkədə bacısının fotolarını görüb və onunla mübahisə edib. O, tanımadığı şəxslərin şəkillərə şərh yazmasına qarşı çıxaraq Gülarədən paylaşımları silməsini istəyib. Gülarənin bu tələbi qəbul etməməsi mübahisəni daha da kəskinləşdirib.

Bildirilir ki, bundan sonra Ayxan ögey bacısına bıçaqla hücum edib və onu öldürüb.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları baş verənlərin təfərrüatlarını araşdırır.