QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, özünü psixoterapevt-həkim və elmi-lədun bilicisi kimi təqdim edən, 39 kitab yazdığını bildirən Paşa Yaqubun sosial şəbəkədəki paylaşımı müzakirələrə yol açıb.
Paşa Yaqub Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı şərhində cinayətə haqq qazandıran mövqe ortaya qoyub. O, paylaşımında “Belə qeyrətli cavanlar çoxalsa, bəlkə pozğunluğun qarşısı alınar” ifadəsini yazıb.
Şərhlər bölməsində Paşa Yaqub Gülarənin qardaşının ondan sosial şəbəkələrdəki açıq-saçıq fotolarını silməsini tələb etdiyini, gənc qadının bu tələbi yerinə yetirmədiyi üçün öldürüldüyünü qeyd edib.
2003-cü il təvəllüdlü Gülarə Mehdiyevanın qətli ilə bağlı xəbərlər cəmiyyətdə geniş rezonans yaradıb. Onun şəxsi həyatı və sosial şəbəkədə paylaşdığı materiallar səbəbindən öldürülməsinə haqq qazandırılması da ayrıca müzakirə edilir.