QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda 40 yaşlı Səbuhi Kərimli (şərti ad) həyat yoldaşını döyüb.

Kişi evdə arvadı Şəbnəmin (şərti ad) bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirib. Qadın yüngül xəsarətlər alıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Mübahisəyə Səbuhinin oğlunun siqaret çəkməsi səbəb olub. İşdən qayıdan kişi oğlunu ikinci dəfə siqaret çəkərkən görüb və onunla mübahisə edib. Mübahisə zamanı oğlunu vuran Səbuhiyə işdən gələn Şəbnəm müdaxilə edib. Övladının döyüldüyünü görən qadın ərinə irad bildirərək kobud cavab verib. Buna əsəbiləşən kişi həyat yoldaşını da döyüb.

Səbuhi ifadəsində törətdiyinə görə peşman olduğunu və arvadı ilə barışmaq istədiyini bildirib. Onun sözlərinə görə, Şəbnəm barışmağa razı olmayıb.

Zərərçəkən qadın isə ərini bağışlamadığını deyib. Bildirib ki, hadisə günü Səbuhi uşaqlarını döyüb, o da övladlarının ağladığını görüb. Şəbnəmin sözlərinə görə, həmin gün ən çox zərbəni özü alıb. Ərinin onu və uşaqları mütəmadi döydüyünü deyən qadın Səbuhinin onlardan uzaqlaşdırılmasını və azadlıqdan məhrumetmə cəzası almasını istəyib.

Məhkəmənin hökmü ilə Səbuhi Kərimli bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.