QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Lənkəran rayonunda 21 yaşlı oğlan anasına xəsarət yetirib. Hadisə rayonun qəsəbələrindən birində baş verib.
İstintaq materiallarında göstərilir ki, 2005-ci il təvəllüdlü Zaur (ad şərtidir) yaşadığı evin ikinci mərtəbəsində yerləşən qonaq otağında anası Firuzə (ad şərtidir) ilə mübahisə edib. Münaqişəyə onun paltarlarının icazəsi olmadan yuyulması səbəb olub. Zaur əsəbiləşərək döşəmə taxtası ilə anasının sağ ayağına bir dəfə zərbə vurub.
Ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa zərər vurma ittihamı irəli sürülüb. Məhkəmədə təqsirini qəbul edən Zaur peşman olduğunu, anası ilə barışdığını və vurduğu ziyanı ödədiyini söyləyib. O, anasının şikayətinin və tələbinin olmadığını da bildirib.
Zərərçəkmiş Firuzə ifadəsində baş verənləri təsdiqləyib. O, oğlu ilə münasibətlərinin yaxşı olmadığını və əvvəllər də ailə-məişət zəminində mübahisələr yaşandığını qeyd edib. Firuzənin sözlərinə görə, oğlu paltarlarını yumasına etiraz etdikdən sonra taxta ilə sağ ayağına bir dəfə zərbə endirib.
Lənkəran Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci, eləcə də Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrini əsas götürərək Zauru cinayət məsuliyyətindən azad edib və cinayət təqibinə xitam verib.