QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı şəhərinin rayonlarında qış mövsümündə qar yağmasına hazırlıq tədbirləri təsdiqlənmiş planlar əsasında davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, kommunal xidmətlərin xüsusi texnikası hazır vəziyyətə gətirilib. Bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri görülüb, əlavə tədbirlər həyata keçirilib.

Hazırlıq prosesinə nəzarət etmək üçün Bakı Şəhər İcra Hakimiyyəti hər rayon üzrə məsul şəxslər müəyyənləşdirib. Onlar yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə görülən işlərin gedişini və verilmiş tapşırıqların icrasını mütəmadi yoxlayırlar.

Nərimanov, Binəqədi və Nəsimi rayonlarında qışa hazırlığın müzakirəsi üçün operativ müşavirələr keçirilib. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal təsərrüfat, idarə və təşkilatların, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərləri, eləcə də özəl sektorun təmsilçiləri iştirak edib. Hər sahənin rəhbərinin hesabatı dinlənilib.

Müşavirələrdə vurğulanıb ki, rayonlardakı qurumlar qış aylarında öhdəliklərini dəqiq bilməli, mümkün problemləri vaxtında aradan qaldırmalı, kifayət qədər duz və zəruri inventar ehtiyatı toplamalıdır. Təşkilatların mövsümə hazırlıq işlərində iştirak etməsi, yağıntı zamanı ərazilərin qar və buzdan təmizlənməsi üçün tədbirlər görməsi də qeyd olunub.

Qar təmizlənməsinə kommunal xidmətlərin texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların istifadəsində olan texnikanın da cəlb edilməsi qərara alınıb. Rayonlarda qurumların vəzifələri bölüşdürülüb, məsul şəxslərə tapşırıqlar verilib.

Bundan əlavə, ictimai iaşə müəssisələrinin və özəl qurumların rəhbərlərinə, eləcə də ictimaiyyət nümayəndələrinə qarlı günlərdə öz ərazilərinin təmizlənməsinə yaxından qoşulmaqla bağlı müraciət edilib. Bu yanaşmanın bir sıra xarici ölkələrdə də tətbiq olunduğu bildirilib.