QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, baytarlıq pasportunun rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 20 manatdan 30 manata yüksəldilməsi nəzərdə tutulur. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə bildirilir ki, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, ev heyvanlarının xarici ölkələrə aparılması üçün baytarlıq pasportu tərtib olunur.
Rəsmi statistikaya görə, 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə baytarlıq pasportu verilib. Müraciətlərin artması, sənədlərin hazırlanmasına ayrılan maliyyə vəsaitinin və digər inzibati xərclərin çoxalması rüsumun yenidən nəzərdən keçirilməsinə səbəb kimi göstərilib.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və deputatlar onu birinci oxunuşda qəbul ediblər.