QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Biləsuvarda 71 yaşlı kişi qadınları pul müqabilində cinsi əlaqəyə sövq etməkdə təqsirli bilinərək məhkum edilib.

Polisin keçirdiyi tədbirlər zamanı rayon sakini, 1955-ci il təvəllüdlü R.B.-nin evində qadınları pul qarşılığında cinsi əlaqəyə cəlb etdiyi müəyyənləşdirilib. Kişi saxlanılıb, fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib. Məhkəmə R.B.-ni 3 500 manat cərimə və qazancının 20 faizinin dövlət nəfinə tutulması şərti ilə iki il müddətinə islah işlərinə məhkum edib.

Məlumata görə, həyat yoldaşı Bakıda yaşayan R.B. evində tək qalırmış. Onun qonşusu olan qadın bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. R.B. həmin vaxt qadının anasına borc verib, lakin pulu geri ala bilməyib.

Qadın cəzasını çəkib azadlığa çıxdıqdan sonra R.B. ondan borcunu istəyib. Həbsdən yenicə çıxan qadın borcu ödəyə bilmədiyini deyib. R.B. ona kişilərlə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib: hər müştəridən 50 manat alacağını, bunun 40 manatını qadına verəcəyini, 10 manatı isə ev haqqı kimi götürəcəyini bildirib.

Təkliflə razılaşan qadın R.B.-nin evində müştəri ilə görüşüb. Polis əməkdaşları tədbir zamanı qadını və müştərilərdən birini evdə aşkar ediblər.