QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunub.
Kərimova 2015-ci ildə Bakı Dövlət Universitetində biologiya ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2015–2016-cı illərdə Birləşmiş Krallıqdakı Aberdin Universitetində genetika üzrə magistr dərəcəsi alıb.
2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiyasını müdafiə edib və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, 8 il həmin sahədə elmi iş aparıb, eyni zamanda BDU-da dərs deyib.
Nigar Kərimova 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində tədqiqatlarını davam etdirib. 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq vəzifəsində çalışıb.
Onun 15 məqalə və 3 konfrans tezisi də daxil olmaqla, ümumilikdə 18 elmi əsəri müəllif və həmmüəllif qismində dərc olunub.