QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində həkimin sürücüsü Həsəğa Həsənovun villada bıçaqlanması ilə bağlı qonşular yeni məlumatlar paylaşıblar.

Qonşuların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Zakir adlı bağban ərazidən uzaqlaşıb. Villanın sahibi isə kömək üçün qonşulara müraciət edib.

Sakinlər tərəflər arasında əvvəllər mübahisə və ya narazılıq gördüklərini xatırlamadıqlarını, münasibətlərinin yaxşı olduğunu deyiblər.

Qonşulardan biri hadisənin saat 19:00-dan sonra baş verdiyini bildirib. O, hər iki şəxsi tanıdığını və Zakiri sakit, yaxşı insan kimi bildiyini söyləyib. Qonşunun sözlərinə görə, bağban tez-tez avtomobillə sürücünü yuxarıdakı döngədəki avtobus dayanacağından götürərək evə aparırmış. Həmin şəxs onların mehriban münasibətdə olduğunu və, səhv etmirsə, yaşıd olduqlarını da qeyd edib.