QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 21-də saat 23:00-dan səhər 05:45-dək metronun “Koroğlu” stansiyasından hava limanına doğru yolda hərəkətə məhdudiyyət qoyulacaq. Həmin ərazidə yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində işlər görüləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq alternativ yollarla yönləndiriləcək.

Şəhər mərkəzindən hava limanına gedən sürücülər “Koroğlu” stansiyasının yaxınlığından Bakıxanov qəsəbəsinə, oradan Elşən Mehdiyev küçəsinə çıxıb Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə hərəkət edə bilərlər. Digər seçim “8 Noyabr” prospektindən Zığ şosesinə keçməkdir.

DYP əməkdaşları ərazidə xidmət göstərərək hərəkətin təhlükəsizliyini təmin edəcək və avtomobilləri müvafiq istiqamətlərə yönəldəcəklər. Sürücülərə və digər hərəkət iştirakçılarına səfərlərini qabaqcadan planlaşdırmaq, mümkün sıxlığı nəzərə almaq və alternativ marşrutlardan yararlanmaq tövsiyə olunur.