QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, kriptovalyuta birjası Binance kiberhücumdan sonra fəaliyyətini bərpa etmək üçün işləri davam etdirir. Bakı vaxtı ilə saat 08:00-dan etibarən orta və aşağı kapitallaşmalı bir sıra aktivlər üzrə vəsaitlərin çıxarılması yenidən mümkün olub.

Birjanın rəsmi açıqlamasında bildirilib ki, vəsait çıxarılması funksiyasının tam bərpası istiqamətində işlər görülür. Şirkət qeyd edib ki, elan edilən aktivlər üzrə çıxarışlar UTC vaxtı ilə saat 04:00-dan, Bakı vaxtı ilə isə 08:00-dan bərpa ediləcək. Açıqlamaya orta və aşağı kapitallaşmalı aktivlərin siyahısı da əlavə olunub.

Xatırladaq ki, Binance oktyabrın 29-da haker hücumuna məruz qaldığını açıqlamışdı. Hadisədən yaranmış ehtimal olunan zərərin 6,3 milyard dollar olduğu bildirilir. Hücumdan sonra müvəqqəti dayandırılan çıxarışlar yenidən açıldıqdan sonra istifadəçilər platformadan təxminən 3,64 milyard dollar dəyərində vəsait çıxarıblar.