QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər mikro sahibkarlıq subyektlərinin fəaliyyətlərini genişləndirib daha yüksək kateqoriyaya keçməsi zamanı vergi güzəşti almasını nəzərdə tutur.

Dövriyyəsinə görə yuxarı sahibkarlıq kateqoriyasına daxil olanlara əvvəlki hesabat ilində hesablanaraq ödənilmiş sadələşdirilmiş verginin və ya gəlir (mənfəət) vergisinin 100 faizi qədər güzəşt veriləcək. Güzəşt illər üzrə silinmə limiti olmadan, sahibkarın yuxarı kateqoriyada fəaliyyət göstərdiyi sonrakı illərdə ümumi vergi öhdəliyindən çıxılacaq.

Layihədə təklif edilən qaydanın likvidlik risklərini azaltması, investisiya imkanlarını artırması, kölgə iqtisadiyyatına meyli zəiflətməsi və mikro bizneslərin inkişafını təşviq etməsi nəzərdə tutulur.

Nümunə olaraq, illik dövriyyəsi 200 min manatı aşdığına görə 2027-ci ildə kiçik sahibkar kateqoriyasına keçən müəssisənin 2026-cı il üzrə 2 000 manat mənfəət vergisi ödədiyi hal göstərilir. Həmin məbləğ güzəşt sayılacaq. 2027-ci ildə müəssisənin vergi öhdəliyi 1 500 manat olarsa, bu məbləğ güzəştlə tam bağlanacaq və sahibkar həmin il vergi ödəməyəcək. İstifadə olunmamış 500 manat isə növbəti illərin vergi öhdəliyindən çıxılacaq.