QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov vəzifəsindən azad edilib. Onun adı universitetin saytında prorektorların siyahısından da götürülüb. Qərarın dünən verildiyi bildirilir.
Fərda İmanov 1957-ci il martın 13-də Bakıda doğulub. 1964–1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə təhsil alıb, 1974–1979-cu illərdə isə Leninqrad Hidrometeorologiya İnstitutunun Hidrologiya fakültəsində oxuyub.
1982-ci ildə həmin institutun əyani aspiranturasına qəbul olunub. İki il sonra institutdakı ixtisaslaşmış elmi şurada namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildə Tiflis Dövlət Universitetinin ixtisaslaşmış elmi şurasında doktorluq dissertasiyasını müdafiə edərək coğrafiya elmləri doktoru dərəcəsi alıb.
1979–1981-ci illərdə baş laborant, 1985–1990-cı illərdə Qurunun hidrologiyası kafedrasında baş elmi işçi, 1991–1992-ci illərdə isə həmin kafedrada assistent işləyib. Sonradan fəaliyyətini BDU-da davam etdirib: 1993–1998-ci illərdə Hidrometeorologiya kafedrasında baş müəllim olub, 2005-ci ildən kafedraya rəhbərlik edib.
İmanov 2011–2016-cı illərdə BDU-nun Coğrafiya fakültəsinin dekanı vəzifəsini tutub. 2021-ci ildə universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor kimi çalışıb.
O, 226 elmi əsərin, həmçinin 15-dən çox dərslik və monoqrafiyanın müəllifidir. Fərda İmanov ailəlidir və iki övladı var.