QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay müddətinə həbs cəzası alan keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva azadlığa buraxılıb.

Ali Məhkəmə onun işi üzrə əvvəlki qərarı ləğv etdikdən sonra həbsdən azad olunmasına qərar verilib. Ötən ayın sonunda kassasiya şikayətini təmin edən yuxarı instansiya əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığını, çıxarılan qərarın faktiki hallara uyğun gəlmədiyini və qanun pozuntularına yol verildiyini bildirib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilərək iş yenidən baxılması üçün geri göndərilib. Həbs qərarı qüvvədən düşdüyünə görə, azyaşlı övladının anası olan Gülşənin həbsdə saxlanılması zəruri sayılmayıb. Onun işi ilə bağlı yeni apellyasiya icraatının yaxın günlərdə başlanacağı gözlənilir.

İki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti ilə “Ailə TV” və “Caspian Telecom” MMC-nin təsisçisi Fuad Allahverdiyev həbs edilmişdi. O, nikahda olduqları müddətdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlərdə ittiham olunurdu. Məhkəmə seksual xarakterli hərəkətlər ittihamı üzrə Fuad Allahverdiyevə bəraət verib, əzab verməkdə isə onu təqsirli bilərək elektron qolbaq taxılması ilə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdi.

Daha sonra iş üzrə rollar dəyişib: Gülşən təqsirləndirilən, Fuad isə zərərçəkmiş kimi tanınıb. Gülşən keçmiş ərinə məxsus şəxsi foto və videoları qanunsuz əldə etməkdə, onlardan maddi məqsədlə yararlanmaqda və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay həbs cəzası verilsə də, cəzanın icrası övladı 14 yaşına, yəni 2029-cu ilə çatanadək təxirə salınmışdı. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdikdən sonra “Azərreyl” voleybol klubunun keçmiş üzvü Gülşən məhkəmə zalında həbs edilmişdi.