QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı oğlu Əli (Zəlimxan) Kadırovun Serbiya vətəndaşlığı aldığı və həmin ölkənin pasportu ilə Avropaya vizasız gedə biləcəyi iddia edilir.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb. Fondun bildirdiyinə görə, Əli Kadırov 2025-ci il iyulun 10-da Serbiya hökumətinin qərarı ilə vətəndaşlıq əldə edib. Onun adına olan pasportda Musaev Əli Ramzanoviç adı yazılıb. Sənəddəki doğum tarixi və yeri — 14 dekabr 2006-cı il və Çentroi kəndi — Əli Kadırovun məlumatları ilə uyğun gəlir.
FBK-nın araşdırmasında qeyd olunur ki, Serbiya vətəndaşlığını almamışdan əvvəl, ötən ilin dekabrında o, Çeçenistanda soyadını rəsmi qaydada Musaev olaraq dəyişib.
Fondun iddiasına əsasən, Əli Kadırov Musaev soyadı ilə xarici ölkələrə 100-dən artıq səfər edib. Bu səfərlərin çoxu özəl təyyarələrlə, əsasən Dubaya həyata keçirilib.
Araşdırmada Ramzan Kadırovun ailə üzvlərinin də xaricə səfərlərdə Musaev soyadından yararlandığı bildirilir. Onların arasında oğulları Adam və Əhməd, qızı Təbərik və həyat yoldaşı Medni göstərilir.
FBK, həmçinin Kadırov ailəsinə məxsus olduğu bildirilən, əvvəllər açıqlanmamış təyyarə barədə məlumat verib. Söhbət 2,5 milyard rubl, yəni təxminən 25 milyon dollar qiymətində olan “Bombardier Global 6000” təyyarəsindən gedir. Təyyarənin ötən ilin avqustunadək Avropada qeydiyyatda olduğu iddia edilir.
Araşdırma müəllifləri Rusiyaya tətbiq edilən sanksiyalara baxmayaraq, Kadırovun 2025-ci ildə Avropada təyyarə ala bilməsinə diqqət çəkiblər. Onlar bununla bağlı Avropa ölkələrinin müvafiq qurumlarına rəsmi müraciətlər ünvanlamaq niyyətində olduqlarını açıqlayıblar.
FBK Serbiya hakimiyyətini Əli Kadırovun vətəndaşlığını ləğv etməyə çağırıb.
Araşdırmada ötən il Serbiya vətəndaşlığı aldığı deyilən başqa şəxslərin də adları yer alır. Onların sırasında çeçen əsilli milyarder Musa Bajayevin qohumları Mədinə və Roza Bajayevalar var.
Daha əvvəl dərc olunmuş araşdırmada Ramzan Kadırov və ailəsinin 2014-2023-cü illərdə xarici səfərlər üçün özəl təyyarələrə 13,1 milyon dollar xərclədiyi bildirilmişdi. Həmin illərdə Kadırovun səfərlərində 63 qohumu iştirak edib.
2025-ci ilin yazında yayılan başqa bir araşdırmada isə Kadırovun digər oğlu Adamın uçuşlarda iki pasportdan istifadə etdiyi qeyd olunmuşdu. Sənədlərdə onun adı “Kadırov Məhəmməd Ramzanoviç” və “Musaev Məhəmməd Ramzanoviç” kimi göstərilib.