QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, TikTok-da canlı yayım zamanı bir şəxsi təhqir edən 44 yaşlı Cəmilə Əzizova (şərti soyadla) barəsində inzibati protokol tərtib olunub.

O, özünə məxsus “c.0303_” hesabında yayıma qoşularaq bir nəfər haqqında əxlaqsız ifadələr işlədib və onu təhqir edib. Bundan sonra polis əməkdaşları Cəmilə Əzizovanı saxlayıb.

Qadın İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib. Maddə internetdə və ya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələrə və jestlərə, habelə insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd göstərilməsinə görə məsuliyyət nəzərdə tutur.

Cəmilə Əzizova ifadəsində törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib. Araşdırma zamanı onun 20, 12 və 8 yaşlı üç övladının olduğu müəyyən edilib. Məhkəmə bu halları yüngülləşdirici amil kimi qiymətləndirib.

Məhkəmənin qərarı ilə Cəmilə Əzizovaya 500 manat inzibati cərimə tətbiq olunub.