QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Nvidia”nın baş direktoru Censen Huanq nikahdankənar münasibətləri ətrafında yaranan qalmaqaldan sonra vəzifəsinə qayıdarkən etdiyi səhvlərə görə əməkdaşlardan üzr istəyib.
Şirkət işçilərinin qatıldığı ümumi iclasda Huanq yol verdiklərinin ağırlığını etiraf edib. O, “Dəhşətli səhvlər etdim. Loriyə (həyat yoldaşı – red.) xəyanət etdim, uşaqlarıma və əlbəttə ki, hamınıza zərər verdim”, – deyə bildirib.
Vəzifəsinə qayıtdıqdan sonrakı gün keçirilən toplantıda rəhbər hər gün 90 dəqiqəlik psixoterapiya seansları aldığını da söyləyib.
Huanq şirkətin davranış qaydalarının pozulmasını yolverilməz sayıb. Həmin qaydaların bəzi müddəalarının hazırlanmasında onun da iştirakı olub. O, direktorlar şurasının vəzifəsinə qaytarılması barədə qərarının digər əməkdaşlara daxili qaydaları pozmaq icazəsi vermədiyini vurğulayıb.
“Nvidia” rəhbəri şuranın onu ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə vəzifəsinə bərpa etdiyi barədə yayılan xəbərləri də təkzib edib. Huanq bu məlumatları yalan adlandırıb və şirkət rəhbərliyinin hadisələri ətraflı araşdırdığını, lazımi məlumatları topladığını, həmçinin Tramp administrasiyasından onun milli təhlükəsizlik üçün təhdid olmadığına dair təminat aldığını bildirib.
“Nvidia”nın səhmləri noyabrın 24-də 155,38 dollara satılıb. Bu, əvvəlki ticarət sessiyası ilə müqayisədə 9,67 dollar və ya 5,86 faiz azalma olub. Şirkətin səhmlərinin dəyəri son dörd həftədə 28,06 faiz, son 12 ayda isə 12,62 faiz geriləyib.
2026-cı ilin iyununun sonunda Azərbaycan Dövlət Neft Fondunun kotirovka olunan səhm investisiyaları arasında “Nvidia” 817 milyon dollar göstərici ilə ilk sırada qərarlaşıb.