QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistanın cənubundakı Sünik bölgəsində “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində dəmir yolunun inşasına 2027-ci ildə başlanması planlaşdırılır.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, marşrutun tikintisi üçün yaxın vaxtlarda ölkədə erməni-amerikan birgə şirkəti qeydiyyata alınacaq.
Kostanyanın sözlərinə görə, hazırda araşdırma aparan şirkət gələn il əldə etdiyi nəticələri ümumiləşdirib yekun hesabatı Ermənistan hökumətinə təqdim edəcək. Bundan sonra mühəndislik həlləri dəqiqləşəcək. Dəmir yolunun keçəcəyi istiqamət artıq müəyyənləşdirilib, ərazidə isə torpağın təmizlənməsi və hazırlıq işləri görülür. Bu işlərin məqsədi gələn il tikintiyə başlamaqdır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp 2026-cı il noyabrın 23-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin praktiki icra mərhələsinin başladığını elan ediblər.