QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda gəliri ayda 1000 manat olan və 700 manatını kreditə ödəyən şəxs başqa bir borc üçün zaminlik edə bilməyəcək. Yeni tələblər istehlak kreditlərində zaminin borcunun gəlirinə nisbətinin 70 faizdən yuxarı olmamasını nəzərdə tutur. Nisyə satış həyata keçirən şirkətlər və fərdi sahibkarlar banklara satış portfelləri barədə daha dolğun məlumat verməlidirlər.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, dəyişikliklərin hədəfi problemli kreditlərin çoxalmasının və əhalinin həddindən artıq borclanmasının qarşısını almaqdır.

Onun sözlərinə görə, kredit qaytarılmadıqda ödəniş öhdəliyi zaminin üzərinə keçə bilər. Gəlirinin əhəmiyyətli hissəsini öz kreditlərinə yönəldən şəxsin isə belə bir borcu ödəməsi çətinləşir.

Həsənovun qeyd edib ki, hazırda həm öz krediti olan, həm də bir neçə nəfərə zaminlik edən vətəndaşlara rast gəlinir. Bəzi hallarda onlar üzərilərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirə bilmirlər və bu, problemli kreditlərin artmasına gətirib çıxarır.

Ekspert nisyə satış portfelləri üzərində nəzarətin artırılmasını da vacib sayıb. Yeni tələblərə əsasən, banklar bu sahədə çalışan şirkət və fərdi sahibkarlardan daha dəqiq, aydın və şəffaf hesabat istəməlidirlər.

Həsənovun bildirdiyinə görə, tələb olunan məlumatları təqdim etməyən şirkətlərin satış portfelləri üzrə banklar daha böyük ehtiyat ayırmağa məcbur qala bilər. Bu, banklar üçün əlavə maliyyə yükü yaratdığından onların maraqlarına uyğun deyil.

Ekspertin qənaətincə, Mərkəzi Bank kredit siyasətini ümumən sərtləşdirməklə bank sektorunda problemli borcların artımını önləməyə çalışır.