QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Çexiya enerji təchizatını şaxələndirmək məqsədilə Azərbaycandan təbii qaz almaqda maraqlıdır. Bu barədə Baş nazir Andrey Babiş Avropa Siyasi Birliyinin sammiti öncəsi jurnalistlərə danışıb.

Babiş bildirib ki, müxtəlif vəziyyətlərə hazır olmaq üçün Çexiyanın qaz təminatında mümkün qədər çox mənbəsi olmalıdır. Onun sözlərinə görə, ölkə enerji resurslarının azsaylı təchizatçılardan asılılığına yol verə bilməz.

Baş nazir Çexiyanın Əlcəzairlə son əlaqələrinə də toxunub. O qeyd edib ki, həmin ölkədən qaz tədarükünün həcmini artırmaq mümkün olub. Babiş təchizatçıların məhdud olduğunu vurğulayaraq, bir neçə mənbədən asılı qalmağın yolverilməz olduğunu deyib.

O, həmçinin Çexiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bəzi silah növlərinin tədarükü ilə bağlı razılıq əldə edildiyini bildirib.

Babiş Çexiyanın dövlətə məxsus “Budějovický Budvar” pivə zavodunun Azərbaycanda biznesini inkişaf etdirməyə dair layihəsini də xatırladıb.