QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Çexiyada avtomobil yolu layihəsi çərçivəsində aparılan işlər 2 min ildən artıq yaşı olan böyük Kelt yaşayış məskənini üzə çıxarıb.

Hradec-Kralove şəhəri ətrafında iki il davam edən qazıntılar zamanı qızıl və gümüş sikkələr, kəhrəba, şüşə qablar, eləcə də minlərlə metal predmet tapılıb. Dəmir dövrünə aid məskənin təxminən 25 hektar sahəni əhatə etdiyi müəyyən edilib.

İki il ərzində aşkarlanıb çeşidlənən əşyaların ümumi həcmi 22 min kisə təşkil edib. Tapıntılar sırasında Kelt sikkələri və onların zərbi üçün işlədilən qəliblər, Baltik kəhrəbası, habelə metal qabların qalıqları yer alır.

Mütəxəssislərin bildirdiyinə görə, həmin bölgədə əvvəllər üzə çıxarılan bənzər yaşayış yerləri əsasən 1-2 hektar ərazidə yerləşib. Yeni aşkarlanan məskən isə sahəsinə görə xeyli genişdir.

Qazıntıların rəhbəri Matuş Holas araşdırmaların 2023-cü ildə başladığını və tarixi məkanın avtomobil yolu layihəsi sayəsində tapıldığını deyib. Onun sözlərinə görə, tikinti layihəsi olmasaydı, məskən uzun müddət aşkar edilmədən qala bilərdi.

Arxeoloqlar müdafiə divarları və xəndəklərlə rastlaşmayıblar. Bununla belə, onlar yaşayış evlərinin, istehsalat emalatxanalarının və iki müqəddəs tikilinin qalıqlarını aşkarlayıblar.