QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Xəzərdə suitilərin tələf olması və sahildə onların cəsədlərinin aşkarlanması ekoloji vəziyyətlə bağlı narahatlığı artırır. Ekoloq Rövşən Abbasov bu halların səbəblərini və Xəzər suitilərinin üzləşdiyi riskləri açıqlayıb.
Abbasovun sözlərinə görə, suitilərin ölümünə dair müxtəlif ehtimallar olsa da, Xəzərdə onlar üçün yaşayış şəraiti xeyli pisləşib. O, əsas problemlərdən biri kimi, xüsusilə dənizin şimal hissəsində müşahidə olunan dayazlaşmanı qeyd edib. Bu dəyişiklik suitilərin çoxalma yerlərinə mənfi təsir göstərir və həmin ərazilər əvvəlki funksiyasını tədricən itirir.
Ekoloq bildirib ki, dənizə tökülən çayların sululuğunun azalması da ekosistemə zərər vurur. Suyun temperaturunun yüksəlməsi oksigenin azalmasına gətirib çıxarır, çirkləndirici maddələrin miqdarı isə əvvəlki onilliklərlə müqayisədə artıb.
Abbasovun qənaətinə görə, suitilərin tələf olmasını tək bir səbəblə izah etmək olmaz; buna bir neçə amilin birgə təsiri səbəb ola bilər. Dəqiq səbəbləri müəyyənləşdirmək üçün geniş və əhatəli araşdırmalar aparılmalıdır.
O qeyd edib ki, ilk növbədə suitilərin orqanizmində toksik maddələrin səviyyəsi ölçülməli, həmçinin okeanoloji, hidroloji, iqlim, bioloji və zooloji tədqiqatlar həyata keçirilməlidir. Ekoloqun sözlərinə görə, yalnız kompleks araşdırmalar ölüm səbəbləri barədə dəqiq elmi nəticə əldə etməyə imkan verə bilər.