QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali rütbələrin verilməsi barədə sərəncamı ilə bir general-mayor general-leytenant, üç polkovnik isə general-mayor olub.

General-mayor rütbəsi alanlar arasında Elnur Əli oğlu Ələsgərli, Telman Əsgər oğlu Hüseynov və Hikmət Rövşən oğlu Əliyev var.

Elnur Ələsgərli hərbi idarəetmə və milli təhlükəsizlik sahəsində çalışır. O, 2024-cü il iyunun 21-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutuna rektor təyin edilib.

Telman Hüseynov Vətən müharibəsinin iştirakçısı və Vətən Müharibəsi Qəhrəmanıdır. 2024-cü ildə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsinə gətirilib.

Hikmət Əliyev də Vətən müharibəsində iştirak edib. O, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Sərəncama əsasən, general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub və Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət edir.

Rüstəmov Türkiyədə hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri ilə birlikdə vətənə dönüb. O, Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr edilən paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.

2024-cü il noyabrın 7-də prezident sərəncamı ilə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri təyin olunub.