QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti kəskin pisləşdiyi üçün Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Bu məlumatı onun döyüş yoldaşları veriblər.

Ehtiram Əliyev oktyabrın 18-də Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunmuşdu. Müayinələrdən sonra ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulmuş, müalicəsi həmin tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilmişdi.

Səhhətinin sonradan daha da ağırlaşması, kəskin çəki itirməsi və davamlı qanaxma səbəbindən o, müalicəsini davam etdirmək üçün noyabrın əvvəlində Milli Onkologiya Mərkəzinə köçürülüb.

Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texnikumunu və “Təfəkkür” Universitetini bitirib. 1992-ci ilin iyunundan 1996-cı ilin avqustunadək hərbi xidmətdə olub, Ağdam və Naxçıvan istiqamətlərində döyüşüb.

1995-ci ildə vətən qarşısında xidmət zamanı göstərdiyi igidlik və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Əliyev 1996-cı ildə ordudan tərxis olunub. 1997–1998-ci illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində çalışıb, daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsini tutub.

O, ailəlidir, bir qızı və iki oğlu var.