QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 5-dən 9-dək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi vaxtlarda isə yağıntının güclənəcəyi proqnozlaşdırılır. Sinoptiklərin leysan, şimşək və ayrı-ayrı bölgələrdə sel ehtimalı ilə bağlı xəbərdarlığı paytaxt sakinlərini narahat edib. Son illərdə güclü yağışlar zamanı küçə və prospektlərin su altında qalması problemin yenidən gündəmə gəlməsinə səbəb olub.
Nəqliyyat eksperti Elməddin Muradlı şəhərin su-kanalizasiya sisteminin normal vəziyyətdə olmadığını bildirib. Onun sözlərinə görə, rəsmi qurumların rəhbər şəxsləri də bu problemi etiraf edirlər. Məsələnin həlli üçün müxtəlif vaxtlarda komissiyalar yaradılıb və milyonlarla vəsait ayrılıb.
Muradlı hesab edir ki, vəziyyətin tam düzəlməsi üçün Bakının su-kanalizasiya sisteminin yenidən qurulması, yaxud yeni infrastrukturun yaradılması lazımdır. O, şəhərin hazırkı problemlərini sabiq merlər Rafael Allahverdiyev və Hacıbala Abutalıbovun rəhbərliyi dövründə buraxılmış səhvlərlə əlaqələndirib və həmin yanlışlıqların nəticələrinin aradan qaldırılmadığını deyib.
Ekspertin bildirdiyinə görə, qanunvericilik yağış sularının kanalizasiya sisteminə axıdılmasını qadağan edir və bu qaydanın pozulmasına görə cərimə nəzərdə tutulur. Bununla belə, Bakı Şəhər İcra Hakimiyyətində, xüsusən Hacıbala Abutalıbovun rəhbər olduğu vaxtlarda yağış barmaqlıqlarının çoxu ləğv edilib, yollarda yığılan su kanalizasiya borularına yönəldilib. Muradlı indiki çətinlikləri həmin qərarların nəticəsi kimi qiymətləndirib.
O əlavə edib ki, bəzi məmurların səhlənkarlığı və səriştəsizliyi şəhərin hərəkət sistemini iflic edir. Ekspert qarşıdakı yağışlarda vəziyyətin problemsiz olacağına əmin olmadığını deyib: cəmi 30 dəqiqə yağan yağış belə nəqliyyatı iflic edə bilər və bu problem ərazidən asılı deyil.
Muradlının fikrincə, vəziyyəti dəyişmək üçün aidiyyəti qurumlar birgə qərar qəbul etməli və problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Əks halda, çətinliklər həm bu gün, həm də gələcəkdə davam edəcək.