QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova barədə fikirlərini bölüşüb.
Müğənni mövzu ilə bağlı “Qonaqcanlı” verilişində danışıb. O, vaxtilə 45 yaşında səhnəni tərk edəcəyini düşündüyünü, lakin indi bu qənaətdə olmadığını bildirib.
“30 yaşımda düşünürdüm ki, 45 yaşımda səhnədən gedəcəyəm. İndi 44 yaşım var və görürəm ki, belə deyil. Elə sənət adamları var ki, getməlidir. Çoxları ad çəkmədən danışır, mən isə ad da çəkərəm. Flora xanım elə böyük sənətkar və ifaçıdır ki, bundan sonra oxumağına ehtiyac yoxdur. O, möhürünü vurduğu mahnılar oxuyub. Hər müğənni onun mahnılarını ifa edə bilməz”, – Hüseynəliyev deyib.
O, Flora Kərimovanın oxumaqdansa, sənət adamlarının onun üçün ifa etməsinin və ona qayğı göstərməsinin daha uyğun olduğunu söyləyib. Müğənni qeyd edib ki, Kərimova gənc ifaçılara dəfələrlə dəstək olsa da, özü incikliklərlə üzləşir və tez-tez məhkəməyə müraciət edir.
Hüseynəliyev Flora Kərimova ilə duet oxumağı arzuladığını da bildirib.