QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, türkiyəli aktrisa Ezgi Mola keçmiş həyat yoldaşı Mustafa Aksakallı ilə ayrılmalarının səbəblərindən danışıb.
Mola bu mövzuya “Ritmini Bul” adlı YouTube proqramının qonağı olarkən aydınlıq gətirib. Aktrisa 2025-ci ildə Aksakallı ilə iki il davam edən münasibətini bitirməsi barədə danışıb və ayrılığın xəyanətlə əlaqələndirilməsi iddialarına cavab verib.
O, keçmiş həyat yoldaşının yaxşı insan olduğunu deyərək, münasibəti davam etdirmək üçün xoş niyyət və qarşılıqlı hörmətin təkbaşına yetmədiyini vurğulayıb. Mola bildirib: “Hamı bir qüsur, qalmaqal axtarırdı. ‘Yəqin ki, xəyanət edib’ deyirdilər. Belə şey ola bilərmi? Mustafa həqiqətən yaxşı qəlbli insandır. Onun haqqına girə bilmərəm. Amma yaxşı insan olmaq münasibəti davam etdirmək üçün yetərli deyil. Bir-birimiz haqqında deyəcəyimiz çoxlu gözəl sözlər var, ancaq ayrılmağımıza səbəb olan amillər də az deyil”.
Aktrisanın sözlərinə görə, onlar dostluq və aralarındakı yaxşı münasibəti qorumaq üçün ayrılmaq qərarı veriblər. “Dostluğumuz bitməsin deyə bu qərarı verdik və evlilikdən imtina etdik”, – deyə Mola qeyd edib.
Proqramda analıq məsələsinə də münasibət bildirən aktrisa hər qadının ana olmasının vacib olmadığını söyləyib. O, bu mövzuda verilən şəxsi qərarlara görə qadınların cəmiyyət təzyiqinə məruz qalmamalı olduğunu vurğulayıb.
Mola ana olmaq istəməyən qadınların seçiminə hörmət etdiyini və bunun hər kəsin öz qərarı olduğunu bildirib.