QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Disney Makoley Kalkin, Set Roqen və Evan Qoldberqin iştirakı nəzərdə tutulan “Evdə Tək” filminin davamını hazırlayır.
Layihə hələ ilkin mərhələdədir. Ssenarini Set Roqen və Evan Qoldberq orijinal ekran əsərində Kevin Makkallister obrazını canlandıran Makoley Kalkinlə birgə yazırlar. Filmin istehsalı onların “Point Grey” şirkəti vasitəsilə həyata keçiriləcək.
Yeni filmin süjeti və digər aktyorların kimliyi barədə məlumat açıqlanmayıb.
“Evdə Tək”in ilk filmi 1990-cı ildə ekranlara çıxıb. Həmin vaxt doqquz yaşında olan Kalkin filmdə Kevin Makkallisteri oynayıb. Davam filmi 1992-ci ildə təqdim olunub, üçüncü ekran əsəri isə 1997-ci ildə, orijinal aktyor heyətinin iştirakı olmadan çəkilib. Dördüncü və beşinci filmlər televiziya üçün hazırlanıb, altıncı film isə yalnız Disney+ platformasında yayımlanıb.
Kalkin ötən yay franşizaya qayıtmaq ehtimalını nəzərdən keçirdiyini və mümkün davam filmi üçün maraqlı fikirlərinin olduğunu söyləmişdi. Aktyorun “McDonald's”ın Milad reklamında orijinal filmdəki yaşlı Kevin obrazında görünməsi də yeni film barədə söz-söhbətləri yenidən gündəmə gətirmişdi.