QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli komandadakı çıxışını dayandırması Nyu-Yorkda da qeyd olunub. Futbolçunun fotosu şəhərin tanınmış yerlərindən olan Times meydanındakı iri reklam ekranında nümayiş etdirilib.
Görüntüləri Nyu-Yorkda fəaliyyət göstərən “PR to SKY” şirkəti sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda 33 yaşlı yarımmüdafiəçinin yığmadakı karyerasını başa vurduğu bildirilib, onun Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu olduğu vurğulanıb.
Mahmudov milli komandanın heyətində 66 oyunda iştirak edib və 16 dəfə fərqlənib. Şirkət kapitana təşəkkürünü çatdıraraq onun uğurlarının dünyanın ən məşhur meydanlarından birində də qeyd olunduğunu göstərib.
“PR to SKY” beynəlxalq reklam və kommunikasiya xidmətləri göstərən agentlikdir. Şirkət Times Square də daxil olmaqla, müxtəlif ölkələrdə rəqəmsal ekranlarda tanıtım imkanları təqdim edir.