QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Yardımlıda Ukrayna-Rusiya müharibəsi barədə çayxanada yaranan mübahisə müştərinin bıçaqlanması ilə nəticələnib.
Hadisə zamanı 1979-cu il təvəllüdlü çayxana sahibi İlqar İmanzadə müştərilərdən Kərim Hüseynzadəyə üç dəfə bıçaq zərbəsi endirib. Çayxanaya gələn üç nəfər müştəri müharibəni müzakirə edərkən aralarında fikir ayrılığı yaranıb.
İmanzadə 10 il Ukraynada yaşadığını deyərək, iki ölkə arasındakı döyüşlərin onlara aid olmadığını bildirib və müştərilərə çayxanada siyasət və müharibə mövzularını müzakirə etməyin lazım olmadığını söyləyib. Zərərçəkən sonradan ona cavab verib. Bundan sonra çayxana sahibi stəkanları masadan yığaraq onlara çay verməyəcəyini bildirib və mübahisə yaranıb. İmanzadə limon doğradığı bıçaqla Hüseynzadəyə xəsarət yetirib.
Hadisədən sonra tərəflər barışıblar, zərərçəkənin müalicə xərcləri ödənilib. Hüseynzadə çayxana sahibindən şikayət etməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində iş üzrə hökm çıxarılıb. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən İ. İmanzadəyə əvvəlcə 6 il həbs cəzası təyin edilib, daha sonra cəza 4 il müəyyən olunaraq şərti hesab edilib.