QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasına 2027-ci ildə başlamağı nəzərdə tutur. Tikinti TRIPP layihəsi çərçivəsində aparılacaq.

Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan ölkəsinin İctimai Televiziyasına açıqlamasında bildirib ki, xəttin Bakıdan Naxçıvana gedəcək marşrutu artıq müəyyən edilib. Hazırda dəmir yolunun çəkiləcəyi sahədə təmizləmə işləri görülür.

Kostanyan marşrutun bəlli olduğunu, ərazinin hazırlanması üçün işlərin davam etdiyini və bunun gələn il tikintiyə başlamağa imkan yaratmaq məqsədi daşıdığını deyib.

TRIPP çərçivəsində Ermənistanda inşa ediləcək xətt Nüvədi-Əkərək istiqamətində, Araz çayının sahili boyunca uzanacaq və Naxçıvan ərazisində davam edəcək. Ermənistan ərazisindəki hissənin uzunluğu təxminən 42 kilometr təşkil edəcək; marşrut İran sərhədinə yaxın yerdən keçəcək.

Layihə başa çatdıqdan sonra Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi təmin olunacaq.

Azərbaycan tərəfində isə Nüvədi-Əkərək dəmir yoluna qoşulacaq Horadiz-Ağbənd xəttinin tikintisini 2028-ci ildə yekunlaşdırmaq planlaşdırılır.