QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev Əməkdar artist Firuzə İbadovanı evində ziyarət edib. Söhbət zamanı sənətçi solo konsert vermək arzusunu dilə gətirib.

İbadova konsertdən əldə ediləcək vəsaitin ona çatmasını istəmədiyini, gəlirin Yaşat Fonduna və mədəniyyətin inkişafına ayrılmasını arzuladığını söyləyib. Zaur Baxşəliyev isə onun bu mövqeyini qeyd edərək, belə düşündüyünə görə evsiz qaldığını bildirib.

Firuzə İbadova pul hərisi olmadığını vurğulayıb: “Sənətimi pul üçün sevməmişəm. Mən bu sənəti sevəndə demədim ki villalarım olsun, bahalı maşınlarım olsun. Nə edirəm var-dövləti? Mənim o dünyada yerim yaxşı olsun”.

Xatırladaq ki, bir neçə ay əvvəl səhhəti pisləşən sənətçi xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. O, daha əvvəl mənzilə ehtiyacı olduğunu bildirərək Prezidentə müraciət edib. Dörd ildir kirayədə qaldığını deyən İbadova maddi durumunun çətin olduğunu da açıqlamışdı.