QafqazNews Manset.az-a istinadən xəbər verir ki, general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva saxlanılıb. O, xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
İttihama əsasən, Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə yardım göstərmək vədi ilə bir şəxsdən külli miqdarda pul alıb. Vətəndaşın şikayəti əsasında prokurorluq onu şübhəli şəxs qismində saxlayıb. Əliyeva dünən gecədən istintaq nəzarətindədir.
Şikayətçi də torpağın sənədləşdirilməsi ilə bağlı kömək göstərilməsi adı altında ondan külli miqdarda pul alındığını bildirir.
Türkər Əliyeva barəsində hələ məhkəmə qərarı çıxarılmayıb. Təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunacağı halda, gün ərzində hakim qarşısına çıxarılması gözlənilir.
Onun şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi xüsusilə külli miqdarda dələduzluğu əhatə edir və 500 min manatdan artıq ziyanın vurulmasını nəzərdə tutur. Bu əməlin cəzası 10 ildən 14 ilədək həbsdir.
Türkər Əliyevanın atası Natiq Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna, daha sonra isə həmin nazirliyin Tibb xidmətinə rəhbərlik edib.
Türkər Əliyeva bir müddətdir müxtəlif qalmaqallarla medianın diqqətindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəhbərini və əməkdaşını qanunsuz hərəkətlərdə və təhqirdə ittiham edib. Daha sonra idarə rəisi vəzifəsindən azad olunub.