QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, qışda sərt hava və elektrik təchizatında qəfil fasilələr generatorların işlək vəziyyətdə olmasını vacib edir. Artan elektrik yükü və şaxta vaxtında texniki qulluq görməyən avadanlığın sıradan çıxmasına səbəb ola bilər.

Generatorun soyuq mövsümə hazır olması üçün bir neçə yoxlama və texniki xidmət addımı tövsiyə olunur.

Su ilə soyudulan sistemlərdə mühərrikin donaraq zədələnməməsi üçün qış şəraitinə uyğun antifrizdən istifadə edilməlidir. Həmçinin şaxta akkumulyatorun enerji saxlama qabiliyyətini azalda bilər. Zəif akkumulyatorun qışdan əvvəl dəyişdirilməsi, terminalların isə təmizlənməsi məsləhət görülür.

Dizel generatorlarda yanacağın keyfiyyətinə diqqət yetirilməli, yanacaq filtrləri mütəmadi yoxlanmalıdır. Bu, sistemdə yarana biləcək nasazlıqların qarşısını almağa kömək edir.

Avadanlığı ay ərzində ən azı iki dəfə 15-20 dəqiqə yük altında işə salmaq tövsiyə olunur. Belə sınaq mühərrik hissələrinin yağlanmasına şərait yaradır və mümkün problemlərin əvvəlcədən müəyyənləşdirilməsinə imkan verir.

Qış mövsümü başlamamış səlahiyyətli servis tərəfindən ümumi diaqnostika aparılması da vacibdir. Özbaşına yoxlama zamanı bəzi gizli nasazlıqlar aşkar edilməyə bilər.