QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaqlar üçün məktəb açmaq istədiyini bildirib.

Bakıda jurnalistlərlə söhbətində sənətçi Azərbaycanla Türkiyə arasındakı qardaşlıqdan, ölkəmizə bağlılığından və sosial təşəbbüslərindən danışıb. O, Azərbaycanı səmimi qəlbdən sevdiyini deyib.

Ergenin sözlərinə görə, Azərbaycan və Türkiyə vətəndaşları görüşəndə sevinir, bir-birinin xoş və çətin günlərini bölüşürlər. O, mahnıları və rol aldığı seriallarla Azərbaycan tamaşaçılarının yaddaşında qaldığını, birlikdə çoxlu gözəl xatirələrinin olduğunu qeyd edib. Müğənni “qardaş ölkə” ifadəsini formal işlətmədiyini, bu sözləri ürəkdən söylədiyini vurğulayıb.

Sənətçi Zəfər Günü münasibətilə Bakıda səhnəyə çıxmasının onun üçün xüsusi məna daşıdığını bildirib. Ergen bu konserti adi musiqi tədbiri saymadığını, Azərbaycan xalqının böyük zəhmət və çətinliklə əldə etdiyi qələbə ilə əlaqələndirdiyini deyib.

O, gələcəkdə Bakıya musiqili tamaşa ilə gəlməyin mümkünlüyündən də danışıb. Böyük aktyor heyətinin iştirak etdiyi “Gırgıriye” tamaşasının Azərbaycanda göstərilməsini maraqlı hesab etdiyini söyləyib.

Müğənni mərhum sənətçilər Ferhan Şensoy, Haldun Dormen və Kenan Işıkı hörmətlə yad edib. Onları dəyər verdiyi sənət yoldaşları, böyükləri və müəllimləri kimi xatırlayan Ergen, hər birinin xatirəsini sevgi ilə anıb və Allahdan onlara rəhmət diləyib.

Uşaqların təhsili və sosial məsələlər barədə danışan Ergen Türkiyədə “Çocuklar Gülsün Diye” təşəbbüsü ilə 61 uşaq bağçasının açıldığını bildirib. O, eyni layihəni Azərbaycanda da gerçəkləşdirmək arzusunda olduğunu söyləyib.

Sənətçinin fikrincə, bu məqsəd üçün Türkiyə və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq, eləcə də lazımi icazələr tələb olunur. Ergen uşaqları çox sevdiyini və layihəni həyata keçirmək üçün dünyanın istənilən yerinə getməyə hazır olduğunu qeyd edib.

O, sosial şəbəkələrdə nağara çalıb mahnı oxuyan azərbaycanlı uşağın videosuna rast gəldiyini, həmin uşaqla tanış olmaq istədiyini də bildirib.

Gülben Ergen Zəfər Günü münasibətilə Bakı Konqres Mərkəzində təşkil olunacaq konsertdə çıxış edəcək.