QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, plastik çay paketləri dəmləmə zamanı içkiyə mikroplastik, bisfenol A (BPA) və plastifikatorların keçməsinə səbəb ola bilər. Bu nəticələr “Nature” jurnalının “npj Science of Food” seriyasında dərc olunan araşdırmada yer alıb.
Tədqiqatçılar plastik paketdə dəmlənmiş çayı yarpaq çayı ilə müqayisə ediblər. Paket çayları təxminən 95 dərəcəlik suda üç dəqiqə saxlanılıb.
Bir fincanda ölçüsü 100 mikrometrdən artıq olan 555–2498 mikroplastik hissəcik qeydə alınıb. Araşdırmaya əsasən, hissəciklərin hamısı çay paketlərindən ayrılan poliamid liflərdir. Daha xırda hissəciklər tədqiqata daxil edilməyib.
Yarpaq çayının bir porsiyasında isə 0,3–2,4 mikroplastik hissəcik aşkarlanıb. Plastik paketdə dəmlənmiş çay nümunələrinin hamısında BPA və plastifikatorlar da müəyyən olunub. BPA hormonal sistemin işinə təsir göstərə bilər.
Hesablanmış təsir səviyyələri müəyyən edilən risk hədlərini aşmayıb. Bununla belə, araşdırmanın müəllifləri hamilə qadınlar, uşaqlar və paket çayı tez-tez içənlər üçün plastiklə təmasın əlavə yük yarada biləcəyini qeyd ediblər.
Mütəxəssislər plastiklə təması azaltmaq istəyənlərə yarpaq çayını şüşə, keramika və ya paslanmayan poladdan hazırlanmış dəmliyə tökərək dəmləməyi məsləhət görürlər. Paket çay alarkən plastik tor əvəzinə kağızdan və ya sellüloz materialdan hazırlanan paketlərə üstünlük verilməsi tövsiyə olunur.