QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda uzun müddət vətəndaşların istifadəsində olan, lakin mülkiyyət sənədləri və çıxarışı olmayan fərdi evlərin rəsmiləşdirilməsi məsələsi gündəmdə qalır. Xüsusən sovet dövründə ayrılmış torpaqlarda və yerli icra hakimiyyəti orqanlarının qərarları ilə tikilən evlərə hansı hallarda çıxarış verilə biləcəyi maraq doğurur.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müəyyən hüquqi dəyişikliklər aparılsa da, sənədsiz evlərin hamısının leqallaşdırılması problemi aradan qalxmayıb.

Onun sözlərinə görə, Prezidentin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan əvvəlki dövrlərə aid sənədlərin siyahısını təsdiqləyib. Sonrakı illərdə siyahıya düzəlişlər olunub və qeydiyyat imkanları artırılıb.

Azadov qeyd edib ki, sovet dövründə və müstəqilliyin ilk illərində səlahiyyətli qurumlar tərəfindən verilən bəzi sənədlər, habelə kolxoz və sovxozların torpaq ayırmaları ilə bağlı qərar və əmrlər qeydiyyat üçün əsas ola bilər. Bu dəyişikliklər daha əvvəl rəsmiləşdirilməsi çətin olan bəzi əmlakların sənədləşdirilməsinə imkan yaradıb.

Ekspertin vurğuladığı əsas problem hüquqmüəyyənedici sənədi olmayan, uzun müddət istifadə edilən torpaqlarda inşa olunmuş evlərdir. Mövcud qanunvericilikdə, xüsusilə zəbt edilmiş sahələrdə tikilən evlərin kütləvi leqallaşdırılması üçün ümumi mexanizm nəzərdə tutulmayıb. Bunun üçün qanunvericiliyə ciddi dəyişikliklər edilməli, qanunsuz tikililərin rəsmiləşdirilməsi və ya amnistiyası üçün hüquqi baza yaradılmalıdır.

Azadovun sözlərinə görə, son illərin əsas addımlarından biri qeydiyyata əsas verən sənədlərin siyahısının genişləndirilməsidir. Bununla belə, ümumiyyətlə hüquqi sənədi olmayan evlər bu dəyişikliklərlə rəsmiləşdirilmir. Belə əmlakların çıxarışla təmin edilməsi üçün daha geniş islahatlar tələb olunur.

Prezidentin 2025-ci il 16 iyul tarixli, 444 nömrəli fərmanı ilə 2015-ci ildə təsdiqlənən siyahıda da dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində 2001-ci il yanvarın 1-dək verilmiş təsərrüfatbaşına kitablardan çıxarışlar, həmin tarixədək hazırlanmış texniki pasportlar, kolxoz və sovxoz sənədləri, eləcə də yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin bəzi qərarları qeydiyyat üçün əsas hesab oluna bilər.

Bu sənədlərin olması öz-özlüyündə çıxarışın veriləcəyinə zəmanət yaratmır. Qeydiyyat zamanı sənədlərin qanuna uyğunluğu, arxivdəki əsasları, torpaq sahəsinin hüquqi statusu və digər mühüm hallar yoxlanılır.

Evdə uzun illər yaşamaq və ya həmin ünvanda qeydiyyatda olmaq mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təkbaşına yetərli deyil. Tamamilə sənədsiz, hüquqi əsası olmayan tikililərin rəsmiləşdirilməsi hər bir halda qüvvədə olan qanunvericiliyə uyğun qiymətləndirilməlidir.