QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ayaq tağının hündürlüyü 17 millimetrdən aşağı olan şəxslər müvafiq tibbi meyarlara uyğun gəldikdə hərbi xidmətə yararsız hesab edilirlər. Bu göstərici III dərəcəli yastıayaqlılığa aiddir və qayda “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də nəzərdə tutulub.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova bu barədə DOST TV-də yayımlanan “Sosial saat” proqramında izləyicilərin suallarını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, çağırışçı haqqında məlumatlar nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edildikdən sonra Agentlikdə yekun tibbi müayinənin keçiriləcəyi tarix avtomatik təyin olunur. Çağırışçıya müayinə vaxtı barədə məlumat verilir.
Tibbi qiymətləndirmənin yekun qərarını çağırışçılar “mygov” portalındakı şəxsi kabinetlərindən öyrənə bilirlər.