QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyada səfərdə olarkən noyabrın 12-də Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Əliyev səfərdə İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak edir.

Zelenski Azərbaycan Prezidentini Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.

Tərəflər Ukrayna Prezidentinin Azərbaycana əvvəlki səfərini və həmin vaxt aparılan müzakirələri məmnunluqla xatırlayıblar. Görüşdə ölkələr arasındakı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən özəl sektor vasitəsilə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə də fikir mübadiləsi aparılıb.

Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusən elektrik avadanlıqlarının verilməsinə görə təşəkkür edib.

Söhbət zamanı Ukrayna tərəfinin Qarabağ və Şərqi Zəngəzurda postmünaqişə dövründə aparılan bərpa-quruculuq işlərini diqqətlə izlədiyi vurğulanıb. Azərbaycanın bu sahədəki təcrübəsinin Ukrayna üçün də əhəmiyyət daşıya biləcəyi qeyd olunub.

Prezidentlər, həmçinin qarşılıqlı maraq doğuran başqa məsələləri müzakirə ediblər.