QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət dini dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O, bu fikirləri “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Həsrətin sözlərinə görə, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olması İslam dininin milli-mənəvi dəyərlərin yaranmasında mühüm yer tutduğunu göstərir.

O bildirib ki, Azərbaycançılıq ölkədə yaşayan hər kəsi əhatə etməyə qadir dövlət ideologiyasıdır və yalnız türkçülüklə məhdudlaşmır. Azərbaycanda türk mənşəli əhali ilə yanaşı, başqa etnik qruplar da yaşayır və onların hər biri dövlətin, torpağın ayrılmaz hissəsi sayılmalıdır.

Azər Həsrət qeyd edib ki, İslamın müasir dövrün tələblərinə uyğun izah olunaraq cəmiyyətə çatdırılması da vacibdir. Onun fikrincə, Azərbaycançılıq etnik və dini fərqləri qarşıdurmaya çevirmək yox, fərqli mənsubiyyətə malik insanları vahid dövlət və vətəndaşlıq kimliyi ətrafında birləşdirmək məqsədi daşıyır.

Həsrət həmçinin bildirib ki, Azərbaycan vətəndaşı olub torpağın müdafiəsində şəhidlik və qazilik mərtəbəsinə yüksələnlər Azərbaycançılıq ideologiyasını daşıyırlar. Etnik mənsubiyyətindən asılı olmayaraq, dövlətə və torpağa bağlı olan hər kəs bu anlayış ətrafında birləşir.